“Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gəncləri üzə çıxarmaq, onların potensial imkanlarının inkişaf etdirilməsinə lazımi şərait yaratmaq məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrinin və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması, “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri kataloqu”nun hazırlanması və müvafiq tirajla çap olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2016-cı il üçün İş planı.

 


Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

27 sentyabr 2016-cı il

№635


Əlavə:

 

Əsasnamə

Təşkilat komitəsi

Münsiflər heyəti