18 may – 18 iyun 2026-cı il tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində maarifləndirici tədbirlər davam edir.
Aylıq çərçivəsində Lənkəran, Masallı, Yardımlı, Astara, Lerik və Cəlilabad rayonlarında yerləşən 179 təhsil müəssisəsində görüşlər, seminarlar, dəyirmi masalar, debatlar və interaktiv müzakirələr təşkil olunub. Tədbirlərə ümumilikdə 4732 nəfər şagird, müəllim, valideyn və ictimaiyyət nümayəndəsi cəlb edilib.
Keçirilən tədbirlərdə insan hüquq və azadlıqları, bərabərlik, tolerantlıq, vətəndaş məsuliyyəti, hüquq və vəzifələrin vəhdəti, eləcə də insan hüquqlarının qorunmasının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, cəmiyyətdə qarşılıqlı hörmətin və ədalət prinsiplərinin rolu müzakirə olunub.
Maarifləndirmə işlərinin effektivliyinin artırılması məqsədilə təqdimatlar nümayiş etdirilib, videoçarxlar izlənilib, debatlar və interaktiv müzakirələr keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər insan hüquqları sahəsində məlumatlılığın artırılmasına, hüquqi maarifləndirmənin gücləndirilməsinə və insan hüquq və azadlıqlarına hörmət mədəniyyətinin təşviqinə mühüm töhfə verir.