05 mart – 01 iyun 2026-cı il tarixlərini əhatə edən dövrdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə, şəffaflığın təşviqi və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında sözügedən tədbirlərə 99 təhsil müəssisəsi cəlb olunub. Ümumilikdə 2749 nəfər şagird, müəllim və digər iştirakçı tədbirlərdə iştirak edib.
Keçirilən görüşlər, seminarlar, söhbətlər və müzakirələr zamanı iştirakçılara korrupsiyanın cəmiyyətə və dövlət idarəçiliyinə mənfi təsirləri, korrupsiya hallarının qarşısının alınmasının əhəmiyyəti, şəffaflıq, dürüstlük, hesabatlılıq və qanunun aliliyi prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizədə hər bir vətəndaşın məsuliyyəti, etik davranış qaydalarına əməl olunmasının vacibliyi, ictimai nəzarətin və hüquqi maarifləndirmənin rolu diqqətə çatdırılıb. İştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Həyata keçirilən tədbirlərin əsas məqsədi korrupsiyaya qarşı ictimai dözümsüzlüyün formalaşdırılması, şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviqi, eləcə də dürüstlük, ədalət və məsuliyyət dəyərlərinin təbliği olub.