Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin sınaqdan keçirildiyi pilot müəssisələrin şəbəkəsini genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

 1. 2016-2017-ci tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi nəzərdə tutulmuş yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Pilot məktəblərində təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilsin.

3. Ümumi və məktəbəqədər təhsil şöbəsinə (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev) tapşırılsın ki:

3.1. Yeni fəaliyyətə başlayacaq pilot məktəbləri müvafiq təmayüllər üzrə tədris planı və fənn proqramları ilə təmin etsinlər, təmayülləşmənin səmərəli həyata keçirilməsi məqsədilə təhsil şöbələrinə təşkilati-pedaqoji köməklik göstərsinlər.

                 3.2. Həmin məktəblərdə təmayül fənlərini tədris edəcək müəllimlər üçün öyrədici təlimlər keçirilməsini təşkil etsinlər.

4.  Qeyd olunan şəhər və rayonların təhsil idarələrinə (şöbələrinə) tapşırılsın ki:

4.1. Bu əmrdən irəli gələn vəzifələrin, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin əsas məqsədi, mahiyyəti və əhəmiyyətinin pilot müəssisələrinin pedaqoji kollektivlərinə, valideyn və şagirdlərə ətraflı izah olunmasını təmin etsinlər.

4.2. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsini iyun ayının sonunadək başa çatdırsınlar.

4.3. Təmayüllər üzrə tədrisi səmərəli təşkil etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək məqsədilə pilot müəssisələrdə pedaqoji kadr heyətinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görsünlər.

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 may 2016-cı il

№351

 

2016-2017-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu müəssisələr şəbəkəsinə daxil edilmiş məktəblər