15.01.2026

Eksternat qaydada imtahan keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 31 yanvar 2026-cı il tarixində eksternat qaydada imtahan təşkil edəcək.
 

Eksternat qaydada aralıq imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən və müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.
 

İmtahan mərkəzi: Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi

İmtahan tarixi: 31 yanvar 2026-cı il

İmtahanın başlama vaxtı: 11:00
 

İmtahana gələcək vətəndaşlar 09:30-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən eksternlər imtahana buraxılmayacaq. Şəkilsiz şəxsiyyət vəsiqəsi ilə müraciət edənlər isə mütləq müvafıq məktəbdən şəkilli arayış təqdim etməlidirlər.
 

Aralıq imtahanda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
 

Əlavə sualı olan vətəndaşlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin 146-0-5 Çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərlər.
 

Qeydiyyat müddətində imtahanda iştirak üçün 604 nəfər ərizə ilə müraciət edib.
 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Eksternatİmtahanı