Lənkəran-Astara Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 26 yanvar 2025-ci il tarixdə eksternat qaydada imtahan təşkil edəcək.
Eksternat qaydada aralıq imtahanlarında Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərək müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.
► İmtahan mərkəzi: Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi (Ünvan: İskəndər Səmədzadə küçəsi 6)
► İmtahan tarixi: 26 yanvar 2025-ci il
► İmtahanın başlama vaxtı: 11:00
♦ İmtahana gələcək vətəndaşlar 10:00-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən eksternlər imtahana buraxılmayacaq.
Aralıq imtahanda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
⇒ Əlavə sualı olan vətəndaşlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin 146-0-5 Çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərlər.
Qeydiyyat müddətində imtahanda iştirak üçün ümumi orta təhsil sənədi (IX) üzrə 125, tam orta təhsil sənədi (XI) üzrə 388 nəfər, ümumilikdə isə 513 nəfər ərizə ilə müraciət edib.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.