10.05.2026

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran şəhəri üzrə təhsil sektorunun, təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışı zamanı bildirib ki, keçirilən tədbir yalnız xatirələrin yad olunması deyil, həm də milli-mənəvi dəyərlərə sədaqətin, dövlətçilik ənənələrinə bağlılığın və vətəndaşlıq məsuliyyətinin ifadəsidir: “Heydər Əliyev təhsilin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirirdi. Ulu öndərin elmə, müəllim əməyinə və gənclərin savadlı yetişməsinə göstərdiyi xüsusi diqqət bu gün də təhsil sisteminin inkişaf yoluna işıq salır. Məhz onun müəyyənləşdirdiyi strateji yanaşma nəticəsində ölkəmizdə güclü təhsil mühiti formalaşıb, gənclərin bilikli, vətənpərvər və müasir dünyagörüşlü yetişməsi üçün möhkəm zəmin yaradılıb. Bu gün əldə etdiyimiz uğurların təməlində də həmin uzaqgörən siyasət dayanır. Biz təhsil işçiləri olaraq bu dəyərləri yaşatmağı, gələcək nəsillərə ötürməyi və cəmiyyətin inkişafı naminə yorulmadan çalışmağı özümüzə mənəvi borc hesab edirik.”

 

İdarənin müdir müavini Rəhim Rəhimov çıxışında Heydər Əliyevin dövlətçilik siyasətindən və ölkənin inkişafı naminə həyata keçirdiyi mühüm xidmətlərdən bəhs edib: “Ümummilli liderin uzaqgörən siyasəti və qətiyyətli addımları Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında və dövlətimizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb. Ulu öndər müəllim peşəsini cəmiyyətin inkişafında mühüm amil kimi qiymətləndirirdi. Bu gün məktəblərdə qazandığımız uğurlar, yetişən savadlı və bacarıqlı gənclər həmin təhsil siyasətinin uğurlu nəticəsidir. Biz də bu irsin davamçıları olaraq üzərimizə düşən vəzifəni məsuliyyət və qürur hissi ilə həyata keçirməyə çalışırıq.”

 

Tədbirin sonunda müasir Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videomaterial izlənilib.

 

Görkəmli şəxsiyyət Heydər Əliyevin zəngin irsi və dövlətçilik fəlsəfəsi Azərbaycan təhsilinin inkişaf strategiyasında bu gün də əsas yol göstəricisidir. Onun ideyaları gələcək nəsillərə örnək, təhsil işçiləri üçün isə daim bələdçi olacaq. 

 

#HeydərƏliyev #103il #10May