07.05.2026

“Uşaqlar və rəqəmsal risklər: virtual mühitdə real təhlükələr” adlı maarifləndirici tədbir keçirilib.

Mayın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqlar və rəqəmsal risklər: virtual mühitdə real təhlükələr” adlı maarifləndirici tədbir keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafının uşaqların həyatında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, internet və sosial media platformaları uşaqların məlumat əldə etməsi, dünyagörüşünün formalaşması və ünsiyyət imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət daşısa da, bu sahədə mövcud olan təhlükələrə qarşı onların düzgün istiqamətləndirilməsi vacibdir.

 

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev uşaqların virtual mühitdə qarşılaşdıqları psixoloji və sosial risklər barədə ətraflı məlumat verib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan təhlükəli çağırışlar, aqressiv davranışlar, kibertəzyiq və zərərli kontentlər uşaqların psixoloji durumuna və davranışlarına mənfi təsir göstərə bilər. Bildirilib ki, valideynlər və təhsil işçiləri uşaqların internet fəaliyyətinə diqqətlə yanaşmalı, onlarla düzgün ünsiyyət quraraq rəqəmsal təhlükələr barədə məlumatlandırmalıdırlar.

 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini İltifat Yusifov çıxışı zamanı kibertəhlükəsizlik məsələləri, internet üzərindən törədilən hüquqpozmalardan qorunma yolları və sosial şəbəkələrdə şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması barədə danışıb.

 

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova uşaqların sağlam və təhlükəsiz mühitdə formalaşmasının cəmiyyətin əsas prioritetlərindən biri olduğunu bildirib. O qeyd edib ki, gənc nəslin rəqəmsal savadlılığının artırılması, onların internetdən düzgün və məqsədyönlü istifadə etmələrinin təşviq olunması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Tədbirdə ümumtəhsil məktəblərinin, Lənkəran Gənclər evi sosial xidmət müəssisəsinin və Uşaq Gənclər və İdman Məktəbinin direktorları, direktor müavinləri, tərbiyəvi təşkilatçılar, məktəb psixoloqları, Uşaq Səfirlər Məclisinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.