Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirlərimizdən biri də uğurla yekunlaşıb. Lənkəranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında bilik yarışı təşkil olunub.
Yarışda Lənkəran rayonu üzrə 5 coğrafi zonanı təmsil edən komandalar iştirak edib, hər komanda IX-XI sinif şagirdlərindən ibarət 6 nəfərlə təmsil olunub.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tədbirin əhəmiyyətindən danışaraq ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin gənc nəsil üçün örnək olduğunu bildirib. O qeyd edib ki, belə bilik yarışları məktəblilərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında bu cür tədbirlərin şagirdlərin bilik və dünyagörüşünün inkişafında önəmli rol oynadığını vurğulayıb. O, Heydər Əliyev irsinin öyrənilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib və komandalara uğurlar arzulayıb.
Daha sonra gərgin və maraqlı bilik mübarizəsi başlayıb. Şagirdlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı sualları cavablandırıblar. Yarışın yekununda “Yüksəliş” komandası I yerə, “Qurtuluş” komandası II yerə, “Zəfər” komandası isə III yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən hədiyyə və təşəkkürnamələrlə təltif edilib.
Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş təhsil işçilərinə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #YeniAzərbaycanPartiyası #HeydərƏliyev