6 aprel 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsində PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatına hazırlıq məqsədilə seçilmiş məktəblərin direktorları və sinif rəhbərləri, BilBacar koordinatorlarının iştirakı ilə maarifləndirici görüş keçirilib.
Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli görüş zamanı tədqiqatın məqsədi, əhəmiyyəti və keçirilmə mexanizmi haqqında ətraflı məlumat verib. Sözügedən beynəlxalq tədqiqatın əsasən IV sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsini əhatə etdiyi diqqətə çatdırılıb, təhsil sisteminin inkişafına verdiyi töhfələr vurğulanıb. Qeyd olunub ki, PIRLS nəticələri ölkədə oxu savadlılığının mövcud vəziyyətinin müəyyənləşdirilməsi və gələcək təhsil strategiyalarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
İştirakçılara şagirdlərin qiymətləndirməyə məqsədyönlü hazırlanması, onların oxu bacarıqlarının inkişaf etdirilməsi və prosesdə fəal iştirakının təmin olunması istiqamətində zəruri tövsiyələr, maarifləndirici materiallar təqdim edilib. Bununla yanaşı, görüş çərçivəsində praktiki məsələlər müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #ARTİ #PIRLS #beynəlxalqqiymətləndirmə #görüş