Aprelin 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının bilik istiqaməti üzrə region mərhələsi keçirilib.
Bilik yarışı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov bu cür olimpiadaların şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin belə yarışların şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gələcək uğurlar üçün möhkəm zəmin yaratdığına diqqət çəkib.
Bilik yarışında 6 rayon (şəhər) üzrə IX–XI sinif şagirdlərindən ibarət komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Məlumat üçün bildiririk ki, #ZəkalarınMübarizəsi olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, dünyagörüşlərinin genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə öyrənməyə təşviqdən ibarətdir.
Bilik yarışının yekun nəticələrinə əsasən, Lənkəran komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsini təmsil edəcək.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #HeydərƏliyevFondu #ARTİ