Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə “NovruzFest II” adlı regional tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, regional idarələrin rəhbər heyəti, idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festivalın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra bayram tonqalı alovlandırılıb, şəhid övladları tərəfindən sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Festival çərçivəsində milli oyunlar, milli musiqilər, xalq rəqsləri, müxtəlif idman növləri üzrə idmançıların çıxışları, folklor nümunələri, eləcə də gənclərin hazırladıqları yaradıcı təqdimatlar nümayiş olunub. Həmçinin tədbirdə Lənkəranda istehsal olunan məhsullar nümayiş etdirilib.
Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin təbliği, Novruz adət-ənənələrinin yaşadılması və gənclər arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədilə keçirilən festivalda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan gənclər, məktəblilər, UGİM-in və peşə təmayüllü siniflərin şagirdləri, idmançılar, mədəniyyət nümayəndələri tərəfindən müxtəlif sərgilər, səhnə kompozisiyaları və çıxışlar təqdim olunub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #NovruzFest #LənkəranŞİH #LənkəranAstaraRMİ #LənkəranAstaraRGİİ