13.03.2026

Masallıda “Startap və İnnovasiya Aylığı” çərçivəsində seçilən layihələrin mükafatlandırılması mərasimi keçirilib.

Masallı məktəblərində fevral ayı ərzində keçirilən “Startap və İnnovasiya Aylığı” çərçivəsində seçilən layihələrin mükafatlandırılması ilə bağlı tədbir təşkil olunub.
 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Əvvəlcə şagirdlərin hazırladıqları bir sıra innovativ layihələrlə tanışlıq olub, onların təqdimatlarına baxış keçirilib. Şagirdlərin yaradıcı yanaşması, təşəbbüskarlığı və müxtəlif sahələri əhatə edən ideyaları böyük maraqla qarşılanıb.
 

Mükafatlandırma tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildiriblər. #StartapvəİnnovasiyaAylığı çərçivəsində qalib olan şagirdləri təbrik edib, onlara növbəti təhsil nailiyyətləri arzulayıblar. Bu təşəbbüsün şagirdlərdə yaradıcı düşüncənin, innovativ yanaşmanın və təşəbbüskarlıq ruhunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
 

Qeyd edək ki, Masallı rayonunun 93 ümumtəhsil məktəbindən 70-dən çoxunun qoşulduğu layihədə 500-dən artıq şagird iştirak edib, 120-dən çox layihə təqdim olunub. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən 27 layihə daha yüksək nəticə göstərib, həmin layihələrin müəllifləri olan 96 şagird mükafatlandırılıb.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MasallıRayonuÜzrəTəhsilSektoru