27 fevral 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən təşkil olunan tədbirdə rayon üzrə bir sıra məktəblərin direktorları və IX siniflərdə dərs deyən müəllimlər iştirak ediblər.
Görüş çərçivəsində ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı mövzulara toxunulub, məktəbdaxili qiymətləndirmələrin nəticələri təhlil edilib. Eyni zamanda, IV, VI və IX siniflər üzrə son illərdə keçirilən monitorinqlər və buraxılış imtahanları müqayisəli şəkildə analiz olunub, davamiyyət göstəriciləri statistik və analitik baxımdan nəzərdən keçirilib.
Bununla yanaşı, dərsdinləmələrin təşkili, zəif nəticə göstərən şagirdlərlə aparılan işlər, qış məktəbinin fəaliyyəti və keyfiyyət planı üzrə görülən tədbirlər də müzakirə mövzusu olub.
Sonda ümumtəhsil müəssisələrində keyfiyyət fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlər və hər bir məktəb üçün müəyyən edilmiş hədəflər bir daha diqqətə çatdırılıb.