Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi və nəticəyönümlü nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir.
Ümumi təhsildə keyfiyyətin təminatı və nəzarət sisteminin qurulması üzrə Fəaliyyət Planına uyğun olaraq, tədris dili və riyaziyyat fənləri üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, aşağı nəticə göstərən şagirdlərin göstəricilərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
İl ərzində üç dəfə şagirdlər üçün oxu klublarının, eləcə də payız, qış və yaz məktəblərinin təşkili nəzərdə tutulub. Bu çərçivədə 26–30 yanvar 2026-cı il tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində qış məktəbləri təşkil edilib.
Qış məktəblərinə IV, VI və IX siniflər üzrə nəticələri çox zəif olan şagirdlər cəlb olunmuş, onların tədris dili və riyaziyyat fənləri üzrə biliklərinin möhkəmləndirilməsi, əsas kompetensiyaların inkişaf etdirilməsi məqsədilə intensiv məşğələlər keçirilib. Tədbir Astara rayonu üzrə 23, Cəlilabad rayonu üzrə 6, Lerik rayonu üzrə 9, Lənkəran rayonu üzrə 17, Masallı rayonu üzrə 36 və Yardımlı rayonu üzrə 4 ümumtəhsil müəssisəsini əhatə edib.
Bu cür məqsədyönlü təşəbbüslər şagird nailiyyətlərinin yüksəldilməsinə, təhsildə nəticələrə əsaslanan yanaşmanın formalaşdırılmasına və ümumi təhsil sistemində keyfiyyətin davamlı təmininə xidmət edir.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #QışMəktəbi