Anım gününə həsr olunmuş tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektor əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl Lənkəran şəhərində Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə qərənfillər düzülüb, ümummilli liderin anım gününün 22-ci ildönümündə əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər bildirib ki, ümummilli liderin sayəsində dövlətçilik ənənələrimiz formalaşıb və millətimizin özünüdərk prosesi güclənib. 1990-cı illərin çətin və təhlükəli günlərində xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq təhlükəsindən xilas edib. Onun müdrikliyi, qətiyyəti, dövlətçilik təcrübəsi müstəqil Azərbaycanın siyasi xəritəsini yenidən cızıb. Bu gün sabit, güclü, müasir dövlətimizin mövcudluğu məhz onun uzaqgörən siyasətinin bəhrəsidir. Ulu Öndər həmçinin xalqın birliyinin, milli həmrəyliyimizin ən böyük təminatçısı olub. Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi bu nəhəng miras nəinki bugünkü inkişafımızın təməlidir, həm də gələcək nəsillər üçün örnək bir xəzinədir. Bu irs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə yeni qalibiyyətlər qazanılır, yeni zirvələr fəth edilir.
Tədbirdə həmçinin Heydər Əliyevin xalqına bağışladığı dəyərli ömrün ayrı-ayrı məqamlarını, tarixi anları əks etdirən videoçarx nümayiş olunub.