30.10.2025

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində fəaliyyətin keyfiyyətinin artırılması, uşaqlar üçün sağlam, təhlükəsiz və səmərəli mühitin təmin edilməsi məqsədilə ardıcıl nəzarət və monitorinq tədbirləri təşkil olunub.

 

Monitorinqlər çərçivəsində müəssisələrin mətbəx və yeməkxanalarının sanitar-gigiyenik vəziyyəti, avadanlıqların işləkliyi, qida məhsullarının saxlanma şəraiti, uşaqların sağlam qidalanmasının təşkili ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Bununla yanaşı, tədris prosesi, uşaqların davamiyyəti, gün ərzində iş rejiminə əməl olunması, tərbiyəçi-müəllim heyətinin fəaliyyətinin təşkili kimi istiqamətlər də diqqətlə yoxlanılıb. Müəssisələrdə sağlam və inklüziv mühitin formalaşdırılması, gigiyenik normalara riayət olunması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.

 

Bu cür nəzarət tədbirləri məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, uşaqlar üçün daha təhlükəsiz və inkişaf yönümlü mühitin yaradılmasına mühüm töhfə verir. Bu məqsədlə monitorinqlərin mütəmadi şəkildə həyata keçirilməsi davam etdirilir.