20.11.2025

Ümumi təhsil müəssisələrində peşəyönümü işinin təkmilləşdirilməsi ilə bağlı maarifləndirici fəaliyyətlər həyata keçirilib.

Gənclərin peşə seçiminə dəstək məqsədilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində peşəyönümü işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər təşkil olunub.

 

Tədbirlər çərçivəsində peşəyönümü işinə daha erkən mərhələdən – azı 7-ci sinifdən başlanmasının əhəmiyyəti vurğulanıb, şagirdlərə müxtəlif peşələr haqqında geniş məlumatlar təqdim edilib. Müasir əmək bazarının tələbləri, müxtəlif sahələrin inkişaf dinamikası və tələb olunan bilik-bacarıq istiqamətləri barədə ətraflı izahlar verilib. Peşələr haqqında məlumatların daha effektiv çatdırılma üsullarının tətbiqi tədbirlərin əsas məqsədlərindən biri olub.

 

Peşəyönümü sahəsində innovativ yanaşmalar, effektiv kommunikasiya metodları və düzgün ixtisas seçimi barədə təqdimatlar keçirilib. Müzakirələr zamanı təcrübələr səsləndirilib, uğurlu nümunələr və tətbiq oluna biləcək yeni metodlar barədə fikir mübadiləsi aparılıb. Sual-cavab sessiyaları peşəyönümü prosesinin səmərəliliyinin artırılması istiqamətində biliklərin möhkəmləndirilməsinə imkan yaradıb.

 

Gənclərin düzgün peşə seçiminin onların gələcək inkişafı və cəmiyyətin əmək potensialının formalaşması üçün mühüm rol oynadığı nəzərə alınaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkili ardıcıl şəkildə davam etdirilir.