Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığının gənc nəslə daha dərindən tanıdılması, ədəbi-bədii irsinin təbliği və mütaliə mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinində bir sıra maarifləndirici tədbirlər həyata keçirilib.
Təhsil müəssisələrində təşkil olunan poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və “dəyirmi masa”lar çərçivəsində şairin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, onun milli ruh, vətənpərvərlik və humanizm kimi dəyərləri təbliğ edən əsərləri şagirdlərlə birgə müzakirə edilib. Şagirdlərin bədii qiraət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə şeir müsabiqələri keçirilib, müəllim və şagird kollektivlərinin iştirakı ilə tematik təqdimatlar hazırlanıb.
Tədbirlərin məqsədi Bəxtiyar Vahabzadənin ədəbi irsinin tədrisdə daha fəal şəkildə tətbiqinə dəstək göstərmək, gənclərdə milli-mənəvi dəyərlərə marağı artırmaq, söz sənətinin əhəmiyyətini vurğulamaq, həmçinin şagirdlərin yaradıcı düşüncə və özünüifadə bacarıqlarını gücləndirməkdən ibarət olub.