Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Qızlar və oğlanlar – bərabər dəyər daşıyıcılarıdır” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə qızların və oğlanların eyni hüquq və azadlıqlara malik olmaları, cəmiyyətdə bərabər imkanlara sahib fərdlər kimi yetişmələrinin vacibliyi barədə məlumat verilib. Gender bərabərliyinin təhsildə, ictimai-siyasi həyatda və sosial inkişafda oynadığı rol haqqında ətraflı təqdimatlar edilib.
Şagirdlərin mövzu ilə bağlı müzakirələrdə iştirakı, sual-cavab sessiyaları və qısa çıxışları tədbirə xüsusi rəng qatıb. İntellektual oyunlar və situasiya tapşırıqları vasitəsilə onların mövzu üzrə bilikləri daha da möhkəmləndirilib.
Qızların və oğlanların bərabər hüquq və imkanlara sahib olması cəmiyyətin sağlam və ədalətli inkişafının əsas şərtlərindəndir və bu dəyərlərin qorunması hər birimizin üzərinə düşən vacib və məsuliyyətli vəzifədir.