Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin 2024–2025-ci tədris ili ilə bağlı müvafiq əmrinə əsasən, rus bölmələrində Azərbaycan dili fənninin tədrisinin vəziyyətinin sistemli şəkildə izlənilməsi məqsədilə ölkə üzrə nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Bu çərçivədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində də xüsusi tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.
Tədbirlər planına uyğun olaraq dərsdinləmələr aparılır, müəllimlərin tədris metodları, dərsə yanaşma tərzi və şagirdlərin fəallığı təhlil olunur. Azərbaycan dili fənninin tədrisi zamanı dil bacarıqlarının inkişafına yönəlmiş metodlardan istifadə səviyyəsi və mövzuların şagirdlər tərəfindən mənimsənilməsi qiymətləndirilir.
Həmçinin pedaqoji şuralarda fənnin tədrisi ilə bağlı görülmüş işlərə dair hesabatlar təqdim olunur, tədrisin mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə edilir, müəllimlərə metodiki tövsiyələr verilir.
Təhsil sektorunun nümayəndələri tərəfindən müxtəlif siniflərdə Azərbaycan dili dərslərinin təşkili yerində izlənilir, müəllim və şagirdlərlə fikir mübadiləsi aparılır və əldə olunan müşahidələr əsasında metodiki təkliflər təqdim edilir.
Monitorinqin əsas məqsədi Azərbaycan dili fənninin tədris keyfiyyətinin artırılması, müəllimlərin pedaqoji fəaliyyətinə dəstək verilməsi, dilin funksional ünsiyyət vasitəsi kimi daha effektiv öyrədilməsi və mövcud çətinliklərin vaxtında müəyyən edilərək aradan qaldırılmasıdır.