“Azərbaycan dili – milli varlığımızdır” mövzusunda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə Ana dilimizin tarixinə, zənginliyinə və milli kimliyimizin formalaşmasındakı roluna həsr olunmuş videoçarxlar nümayiş olunub. Azərbaycan dili və ədəbiyyatı müəllimləri tərəfindən dilimizin formalaşma tarixi, klassik ədəbiyyatdakı yeri, dövlət dili kimi mövqeyi və müasir dövrdə istifadəsi barədə ətraflı məlumat verilib.
Şagirdlərin şeirlər səsləndirməsi, inşa müsabiqələrinə cəlb olunması və "dəyirmi masa"larda iştirakı tədbirlərə xüsusi rəng qatıb. Eyni zamanda məktəblərdə sual-cavab mərhələləri təşkil olunaraq dilin tarixi, ədəbi irs və görkəmli şəxsiyyətlərlə bağlı biliklər daha da möhkəmləndirilib.
Azərbaycan dili milli kimliyimizin təməlidir və onun qorunması, zənginləşdirilməsi hər bir vətəndaşın üzərinə düşən məsuliyyətli və şərəfli vəzifələrdəndir.