Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır. Artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.
Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir. Qeyd edək ki, festivalda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 30 komanda – 66 şagird iştirak edir. Hər bir şagirdimizə və bütün iştirakçılara festivalda müvəffəqiyyətlər arzulayırıq!
Beynəlxalq STEAM Azərbaycan Festivalı–2025 19 noyabr tarixinədək davam edəcək.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #EduGovAz #STEAMAzerbaijan #SAF2025 #STEAMool #Education #Innovation