Lənkəran şəhəri 9 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid ailə üzvləri, məktəbəqədər təhsil müəssisəsinin pedaqoji kollektivi, balaca fidanlar və valideynlər iştirak ediblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bağçanın pedaqoji kollektivini və balaca fidanlarını təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq, tədrisi yüksək səviyyədə təşkil etmək üçün zəruri şərait yaradılıb. Məktəbəqədər təhsil ocağı uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.
Sonra bağçada yaradılan şəraitlə tanışlıq olub, otaqlara baxış keçirilib. Tədbirin sonunda tərbiyəçi-müəllimlər və valideynlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu il Lənkəran-Astara regionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə - 10 mayda 10 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilmişdi.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil