Qəhrəman xalqımızın birliyini, cəsarətini və qələbə ruhunu tərənnüm edən tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, icra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşları, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti, gənclər, könüllülər, idmançılar iştirak ediblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin bildiriblər ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın milli birliyini və vətənpərvərlik ruhunu misilsiz dərəcədə nümayiş etdirdi. Məhz bu həmrəylik və birlik ölkəmizi qələbəyə sonra isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı.
Tədbir gənclərin və könüllülərin hazırladıqları bədii hissə ilə davam edib, eyni zamanda region idmançıları boks, cüdo, karate, ağırlıqqaldırma və digər idman bölmələri üzrə nümunəvi çıxışlar izlənilmiş, gənc rəssamların əl işləri və sənətkarlıq nümunələri nümayiş etdirilib. Gənc müğənnilərin ifasında vətənpərvərlik ruhunda rəqslər nümayiş olunub, zəfərə həsr edilmiş şeir və mahnılar səsləndirilib. Şəhid övladlarının vətənə sədaqət, məhəbbət və qəhrəmanlıq mövzusunda çıxışları rəğbətlə qarşılanıb.
#LənkəranAstaraRTİ #LənkəranAstaraRGİİ #LənkəranAstaraRMİ #LənkəranASANxidmət #Gənclərİdman #birkimibirlikdə