23.10.2025

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün diaqnostik qiymətləndirmə ilə bağlı onlayn görüş təşkil olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə diaqnostik qiymətləndirməyə dair maarifləndirici onlayn görüş təşkil olunub.
 

Görüşdə 25 oktyabr 2025-ci il tarixində baş tutacaq məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin diaqnostik qiymətləndirilməsi prosesi barədə ətraflı məlumat verilib. İştirakçılara imtahanın məqsədi, mərhələləri və strukturu təqdim olunub.
 

Görüşdə çıxış edən İnzibati təşkilat sektorunun müdiri Orxan Əzimov qeyd edib ki, qiymətləndirmənin əsas məqsədi müdirlərin peşəkar potensialını müəyyənləşdirmək, mövcud bilik və idarəetmə bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək, həmçinin inkişaf ehtiyaclarını üzə çıxarmaqdır. Diaqnostik qiymətləndirmə nəticəsində təlim-tədris, idarəetmə, maliyyə və kadr məsələlərində hansı sahələrdə təkmilləşməyə ehtiyac olduğu dəqiqləşəcək.
 

Daha sonra çıxış edən Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov bildirib ki, ilk dəfə olaraq bağça müdirlərinin bilik və bacarıqları obyektiv meyarlarla qiymətləndiriləcək. Bu da idarəçilərin peşəkarlığının artırılması, hesabatlılıq və şəffaflıq prinsiplərinin güclənməsi deməkdir. Ümumilikdə, bu proses bağçaların fəaliyyətinə sistemli nəzarəti və keyfiyyətin yüksəldilməsini təmin edəcək.
 

Görüş səmərəli müzakirələrlə yekunlaşıb və rəhbər heyətin inkişafına yönəlmiş növbəti addım kimi dəyərləndirilib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil #DiaqnostikQiymətləndirmə