05.10.2025

Beynəlxalq Müəllimlər Gününü birlikdə qeyd etdik.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran Mədəniyyət Mərkəzində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
 

Tədbirdə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı icra hakimiyyətlərinin başçılarının müavin və əməkdaşları, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini, Lənkəran Dövlət Universitetinin prorektoru, Astara Pedaqoji Kollecinin direktoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə sədrləri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, rayonlar üzrə təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şəhid ailə üzvləri və qazilər iştirak ediblər.
 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və regionumuzun şəhidlik zirvəsinə ucalmış müəllimləri - Tural Rəhimov, Ehtiram Hüseynli, Elgün Quliyev və Emil Qurbanovun timsalında bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edənlər müəllimlik peşəsinin əhəmiyyətindən, gənc nəslin təlim və tərbiyəsində müəllimlərin əvəzsiz rolundan, ölkə rəhbərliyinin pedaqoji fəaliyyətlə məşğul olanlara diqqət və qayğısından danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həyata keçirilən strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub, keyfiyyət göstəriciləri, məktəblilərimizin beynəlxalq bilik yarışlarında nəticələri ildən-ilə yüksəlib, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmiş məzunlarının sayı əhəmiyyətli şəkildə artıb. Bu nailiyyətlərin əldə edilməsində böyük əməyi olan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarıb. Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin əməyinin qiymətləndirilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.
 

Sonra gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə bir sıra təhsil işçilərinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəxri fərman və təşəkkürnamələri təqdim olunub.
 

Tədbir balaca fidanların və şagirdlərin ədəbi-bədii kompozisiyaları ilə davam edib.
 

Bütün dəyərli müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edirik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzulayırıq!
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MüəllimlərGünü


Açar sözlər: