Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni inşa edilmiş binasının açılış mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayon üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Açılış mərasimləri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən müasir tələblərə uyğun inşa edilən bu məktəb binalarında tədrisin yüksək səviyyədə təşkili üçün zəruri şərait yaradılıb.
Sonra rəsmilər məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarına, fənn kabinetlərinə, idman və akt zallarına baxış keçiriblər.
Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Heydər Əliyev Fondu tərəfindən Cəlilabad rayonu Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının inşasına başlanılmışdı. Üç mərtəbəli, iki korpusdan ibarət məktəb binası 624 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, idman meydançası fəaliyyət göstərəcək.
Məktəb binası zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Tədbirin sonunda müəllimlər və valideynlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #HeydərƏliyevFondu #MÜTDA #YeniMəktəb