27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid və qazilərin ailə üzvləri, idarə və sektor əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdən əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər, abidə önünə qərənfillər düzüblər.
Tədbir qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edənlər bildirib ki, 27 Sentyabr xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi yaşayır. Şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün torpaqlarımız azad olunub, dövlətimizin suverenliyi bərpa edilib. Onların müqəddəs xatirəsinin daim yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi hər birimizin borcudur. Qeyd olunub ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbə xalqımızın birliyi və müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə mümkün olub. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlətimizin onlara verdiyi yüksək dəyərin bariz nümunəsidir. Təhsil işçiləri də bu amalın daşıyıcısı olaraq gəncləri dövlətinə, xalqına və bayrağına sədaqətli yetişdirməyi özünün əsas vəzifəsi hesab edir.
Tədbirdə şəhid övladlarının çıxışları dinlənilib, şagirdlərimizin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda İdarə müdiri Bəhruz Mehdiyev şəhidlərin ailə üzvləri ilə həmsöhbət olub, qəhrəman şəhidlərimiz bir daha minnətdarlıqla anılıb.