23.06.2025

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagirdlərlə görüş keçirilib.

Masallı rayon Şərəfə kənd və Lənkəran şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə müəllim və şagird kollektivi ilə görüşlər təşkil olunub.
 

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, şuranın katibi Günay Əkbərova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, rayonlar üzrə təhsil sektorlarının rəhbərləri və əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
 

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Çıxış edənlər gənclərin vətəndaş cəmiyyəti təşkilatlarına cəlb edilməsi, milli-mənəvi və ailə dəyərlərinin təbliği sahəsində innovativ metodların tətbiqi, interaktiv dərsin psixopedaqoji məsələləri, peşə təhsilinin əhəmiyyəti və müəllimlərin sertifikatlaşdırılması, sinif idarəçiliyi, şagird motivasiyası, liderlik bacarıqlarının inkişafı və təlim prosesində texnologiyaların rolu mövzularında, eləcə də təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında və dövlətin təhsil sahəsinə göstərdiyi xüsusi qayğıdan danışıblar.
 

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #İctimaiŞura