15.06.2025

Milli Qurtuluş Gününü böyük qürur hissi ilə qeyd etdik.

15 iyun tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbər heyəti və əməkdaşları, təhsil işçiləri ilk olaraq Lənkəranda ümummilli lider Heydər Əliyevin adını daşıyan xatirə parkında abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, görkəmli şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
 

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin nitqi ilə başlayıb. O, çıxışında bildirib ki, milli tariximizin ən önəmli hadisələrindən olan Qurtuluş Günü Azərbaycanın taleyində dönüş nöqtəsidir. “1993-cü ilin məhz bu günündə ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtdı və ölkəmizi vətəndaş müharibəsi, siyasi xaos və parçalanmadan qısa zamanda xilas etdi. Azərbaycanın sabitlik, inkişaf və dövlətçilik yolunda atdığı hər addımın təməlində məhz dahi şəxsiyyət Heydər Əliyevin qətiyyətli imzası, möhkəm iradəsi və uzaqgörən siyasəti dayanır.
 

Sonra isə Lənkəran-Astara RTİ-nin müdir müavini Rəhim Rəhimov “Heydər Əliyev və Təhsil – Gələcəyə doğru” mövzusunda çıxış edib: “Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda təhsilin, elmi və pedaqoji potensialın inkişafı üçün möhkəm təməl qoyulub. Heydər Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasəti sayəsində ölkənin müxtəlif sahələrində peşəkar və vətənpərvər mütəxəssislər yetişdirilib. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”
 

Tədbirdə Milli Qurtuluş Gününün tarixindən bəhs edən sənədli film, məktəbəqədər uşaqların və məktəblilərin ifasında maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #HeydərƏliyev #MilliQurtuluşGünü