13.06.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsi davamlı əməkdaşlıq, təşkilati dəstək və “Lənkəran – 2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının uğurlu icrasına verdiyi töhfəyə görə Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunub.

İyunun 12-də Lənkəran şəhərində “Lənkəran – 2024 Türk Dünyasının Gənclər Paytaxtı” proqramının rəsmi bağlanış mərasimi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Ardınca Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə və idmanına göstərdiyi diqqət və qayğıya həsr olunmuş videoçarx nümayiş etdirilib.
 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, gənclər və idman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov, Qazaxıstan Respublikasının Almatı şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Nursultan Bekkairov və lənkəranlı gənc Mircavidxan Talışınski çıxış ediblər.
 

Proqram çərçivəsində il ərzində keçirilmiş tədbirləri əhatə edən xronoloji videoçarx təqdim olunub.
 

Tədbirdə “Türk Dünyasının Gənclər Paytaxtı” rəmzi açarı növbəti ev sahibi Qazaxıstanın Almatı şəhərinə təqdim edilib. Həmçinin Azərbaycan və Türk Dünyasının “Gənclər Paytaxtı” beynəlxalq proqramı çərçivəsində keçirilən tədbirlərə dəstək göstərmiş qurumlar, fəaliyyətə töhfə vermiş gənclərlə iş sahəsinin əməkdaşları və könüllülər xüsusi diplom və təşəkkürnamələrlə təltif olunublar. Tədbir mədəni proqramla davam edib.
 

Bağlanış mərasimində 600-dən artıq iştirakçı, gənclər, yerli ictimaiyyət nümayəndələri, tərəfdaş qurumlar, beynəlxalq qonaqlar və könüllülər iştirak ediblər.
 

#AZEyouth #TurkicWorldYouth #birkimibirlikdə #LankaranYouthCapital