Masallı Heydər Əliyev Mərkəzində #KonstitusiyavəSuverenlikİli çərçivəsində “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri, valideynlər və müəllimlər iştirak ediblər.
Konfrans ümumilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Masallı RİH başçısı Araz Əhmədov konfransı açaraq bildirib ki, “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda ümumtəhsil məktəblərində tədris ili müddətində mütəmadi olaraq şagirdlərlə görüşlər keçirilir. Bu dəfə isə maarifləndirmə işini valideynlərlə aparmaq daha effektiv nəticələr əldə etmək üçündür. Görüş tədbirləri yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq və erkən nikahın yaratdığı problemlər barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır. O, qeyd edib ki, erkən nikah Masallı Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılan mövzudur. Bu istiqamətdə tədbirlərin keçirilməsi və maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq hazırda erkən nikah halları azalmaqdadır.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev konfrans zamanı çıxışında vurğulayıb ki, sağlam gəncliyin formalaşmasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xüsusi önəm daşıyır. O qeyd edib ki, bu istiqamətdə keçirilən tədbirlərlə yanaşı təhsil müəssisələrinin rəhbərləri müəllim və valideyn assosiasiyası ilə sıx əməkdaşlıq etməli, bu kimi halların qarşısının alınması üçün birlikdə addımlar atmalıdırlar. Neqativ halların aradan qaldırılması üçün valideynlərin maarifləndirilməsi əsas şərtlərdəndir və bunun üçün də təhsil müəssisələrində şagirdlərlə olduğu kimi valideynlərlə də mütəmadi görüşlər təşkil olunmalı, onlara narkomaniya və erkən nikahın doğura biləcəyi mənfi nəticələr barədə dolğun məlumatlar təqdim edilməlidir.
Konfransda maarifləndirici videoçarxlar nümayiş etdirilib.
#LənkəranAstaraRTİ #MasallıRİH #EduAz #MÜTDA #zərərlivərdişlər #konfrans #narkomaniya #erkənnikah