Lənkəranda şəhər 3 və 7 nömrəli, Astarada şəhər 3 nömrəli, Təngərüd, Şiyəkəran və Şahağac kənd körpələr evi-uşaq bağçaları, Cəlilabadda şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası, Masallıda şəhər 4 nömrəli, Qızılağac kənd uşaq bağçası təmirdən sonra istifadəyə verilib, Ərkivan qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçası isə yeni fəaliyyətə başlayıb. Bağçaların istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimlərində müvafiq olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak ediblər.
Tədbirlərin hər biri əzəli torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxışlar dinlənilib, uşaqların hazırladığı ədəbi-bədii kompozisiyalar izlənilib və bağçalarda yaradılan yeni şəraitlə tanışlıq olub.
Yenilənmiş bağçalar uşaqları müasir və rahat təhsil mühiti ilə təmin edir, bundan əlavə yeni iş yerlərinin açılmasına da imkan yaradır. Yeni məktəbəqədər təhsil müəssisələrində 688 uşağın təlim-tərbiyəsi ilə 106 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Növbəti tədris ili üçün 43 ümumtəhsil məktəbində və 21 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır.
Tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin əsas prioritetləri arasındadır. İdarənin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 29 ümumtəhsil və 13 məktəbəqədər təhsil müəssisəsində təmir işləri görülür, 18 təhsil müəssisəsində bina və qazanxana tikintisi aparılır.
Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta ümumtəhsil məktəbləri tikilib, Lənkəran rayonu İstisu qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib. Bu il isə Lənkəran rayonu Viyən kənd, Astara rayonu Şümrüd və Sərək kənd, Lerik rayonu Cəngəmiran kənd, Cəlilabad rayonu Kövüzbulaq, Musalı və Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin istifadəyə verilməsi planlaşdırılır.
2024-2025-ci tədris ili ərzində 280-ə yaxın istilik problemi operativ şəkildə həll olunub, 60-a yaxın təhsil müəssisəsində istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş sistemlə əvəz edilib.
#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #HeydərƏliyev102 #10mayda10bağça #HeydərƏliyev #MəktəbəqədərTəhsil