Lənkəran-Astara Regional Təhsil İdarəsində ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə İdarənin rəhbərliyi, kollektivi və Lənkəran şəhəri üzrə təhsil sektorunun əməkdaşları iştirak ediblər.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışı zamanı bildirib ki, bu tədbir yalnız xatirə xarakteri daşımır, eyni zamanda vətəndaşlıq borcunun, milli yaddaşa sadiqliyin ifadəsidir:
“Heydər Əliyev təhsilin inkişafını daim diqqətdə saxlayan böyük şəxsiyyət idi. Ulu öndərin təhsilə, elmə və müəllim peşəsinə verdiyi dəyər bu gün də bizim fəaliyyət istiqamətlərimizə işıq tutur. Bugünkü uğurlarımızın təməlində onun uzaqgörən siyasəti və təhsilə göstərdiyi qayğı dayanır. Biz də təhsil işçiləri olaraq bu ideyaları yaşatmalı, yorulmadan çalışmalı və gələcək nəsillərə ötürməliyik.”
İdarənin müdir müavini Rəhim Rəhimov çıxışında Heydər Əliyevin rəhbərliyi dövründə təhsilin milli inkişafın əsas dayaqlarından birinə çevrildiyini vurğulayıb:
“Ümummilli lider müəllimi cəmiyyətin təməl sütunu sayırdı. Bu gün məktəblərdə formalaşan hər bir uğurlu şagird, yetişən hər bir bacarıqlı gənc əsası Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyasının canlı nəticəsidir. Bu ideyanın daşıyıcıları olaraq məsuliyyətimizin fərqindəyik və bu missiyanı qürurla davam etdiririk.”
Tədbir zamanı çıxışlarda bir daha vurğulanıb ki, görkəmli şəxsiyyət Heydər Əliyevin zəngin irsi və dövlətçilik fəlsəfəsi Azərbaycan təhsilinin inkişaf strategiyasında bu gün də əsas yol göstəricisidir. Onun ideyaları gələcək nəsillərə örnək, təhsil işçiləri üçün isə daim bələdçi olacaq.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #HeydərƏliyev #HeydərƏliyev102