30.04.2025

Təhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində #PeşəSərgisi keçirilib.
 

Heydər Əliyev Xatirə Parkında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ümummilli liderimizin, qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirak ediblər.
 

Yeniyetmə və gənclərin peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə yiyələndikləri ilkin bilik və bacarıqları nümayiş etdirmək və onlarda xüsusi stimul yaratmaqdan ötrü təşkil edilmiş sərgidə Lənkəran, Astara, Masallı, Lerik və Cəlilabad rayonlarının təhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işləri qonaqlara təqdim edilib.
 

Dülgərlik, dərzilik, mebel quraşdırma ustası, aşpaz, kompüter operatoru, qənnadçı və digər peşələr üzrə ixtisas siniflərində təhsil alan şagirdlər il ərzində emalatxanalarda istehsal etdikləri işləri sərgi iştirakçılarına nümayiş etdiriblər.
 

Sərgidə Cəlilabad Peşə Təhsili Mərkəzinin nəzdində təhsil alan robototexnika dərnəyinin üzvləri, VEB dizayn və proqram təminatı ixtisasının tələbələri tərəfindən hazırlanmış müxtəlif təyinatlı robototexnika qurğularının sərgisi qonaqlar tərəfindən maraqla qarşılanıb.
 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən klublar və sənətkarlıq evləri qədim xalq yaradıcılığı və əl işi nümunələri təqdim etməklə sərgiyə qatılıblar. Sərgidə Lənkəran Gənclər evi Sosial Xidmət Müəssisəsinin “Yaradıcılıq klubu”nun üzvlərinin əl işləri də qonaqlara təqdim olunub.
 

Lənkəran Mədəniyyət Mərkəzinin solistləri, Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları, eləcə də ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil məssisələrinin musiqi kollektivlərinin ifasında təqdim olunan bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
 

Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkilində, həmçinin sərginin nümayişində fəallığı ilə fərqlənən qrup rəhbərləri, müəllim və şagirdlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşəkkürnamələri ilə təltif olunublar.
 

#LənkəranAstaraRTİ #LənkəranAstaraGİİ #LənkəranAstaraRMİ #EduAz #MÜTDA #PeşəTəmayüllüSiniflər