23.04.2025

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib.

Lənkəran Olimpiya Kompleksində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi keçirilib.
 

Bilik yarışı qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək komandalara uğurlar arzulayıb.
 

Yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 6 komanda iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında Lerik rayonunu təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ qazanıb.
 

Bilik yarışında komandalara riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla beş müxtəlif istiqamət üzrə 25 sual təqdim edilib.
 

Fasilələr zamanı Lənkəran şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
 

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
 

Qalib komanda olimpiadanın respublika mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsini təmsil edəcək. Komandaya müvəffəqiyyətlər arzulayırıq.
 

#LənkəranAstaraRTİ #HeydərƏliyevFondu #EduAz #ARTİ #MÜTDA #ZəkalarınMübarizəsi