17.04.2025

PISA 2025-də iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə görüşlər keçirilib.

PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün Lənkəran-Astara regionundan seçilmiş məktəblərin şagirdləri ilə Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunub.
 

Görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılması olub.
 

Tədbirlər çərçivəsində iştirakçılara PISA-nın mahiyyəti, əsas məqsədləri, qiymətləndirmə sahələri və beynəlxalq əhəmiyyəti ilə bağlı təqdimat edilib. Şagirdlərə bu qiymətləndirmənin yalnız nəzəri biliklərin yoxlanmasına deyil, həmin biliklərin gündəlik həyat şəraitində tətbiqinə əsaslandığı xüsusi vurğulanıb. Eyni zamanda PISA-nın kompüter əsaslı qiymətləndirmə formatı, iştirak qaydaları və texniki prosedurları barədə də ətraflı məlumat verilib.
 

Görüşlər interaktiv formada həyata keçirilib, şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
 

#LənkəranAstaraRTİ #EduAz #ARTİ #MÜTDA #PISA2025