16 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və "Kapital Bank"ın dəstəyi ilə #TəhsilOyunlarıPlatforması layihəsi çərçivəsində Astara şəhərində canlı intellektual oyun keçirilib.
Canlı yarışların keçirilməsinin əsas məqsədi məktəblilərin asudə vaxtının səmərəli təşkili və əyləncə vasitəsilə təhsilə marağın artırılmasıdır.
Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan "Nə? Harada? Nə zaman?" oyunu üzrə canlı turnirdə VI-XI siniflərdə təhsil alan şagirdlərdən ibarət 20 komanda iştirak edib.
Turnir iki turdan ibarət olub və ümumilikdə 24 sual səsləndirilib. Hər bir suala cavab vermək üçün komandalar 60 saniyə vaxt əldə ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri:
Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası - I yer
Cəlilabad şəhəri 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyinin komandası - II yer
Lerik rayonu Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta ümumtəhsil məktəbinin komandası - III yer
Yarışın qalibi olan komanda kubokla təltif olunub, 2-ci və 3-cü yerləri tutan komandalara sertifikat və digər hədiyyələr təqdim edilib. Qalib komanda Bakı şəhərində keçiriləcək final mərhələsində regionu təmsil etmək hüququ qazanıb.