15.03.2025

Masallıda “Riyaziyyat ayı” çərçivəsində keçirilən müsabiqələrdə qalib gələn şagirdlərin mükafatlandırma mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzində Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Riyaziyyat ayı” çərçivəsində keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb.

 

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, millət vəkili Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

İlk olaraq müxtəlif mövzulara həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş nitqi ilə açan Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev tədbir iştirakçılarına məlumat verərək bildirib ki, cari ilin fevral ayı Masallıda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində “Riyaziyyat ayı” elan edilib. Məqsəd ümumtəhsil müəssisələrində riyaziyyat fənni üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə riyaziyyat fənninə marağın yaradılması, onlarda yaradıcı və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi və bu fənn üzrə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və istedadlı şagirdlərin aşkar edilməsindən ibarət olub. Ay ərzində ümumtəhsil müəssisələrinin şagirdləri üçün müxtəlif müsabiqələr və tədbirlər həyata keçirilib.

 

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, Masallı rayonunda elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, #RiyaziyyatAyı çərçivəsində qalib olan şagirdləri təbrik edib, onlara növbəti təhsil nailiyyətləri arzulayıb.

 

Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev son illərdə ölkəmizdə aparılan təhsil islahatlarından söz açıb, şagirdlərdə təhsilə marağın yaradılmasında, təhsil müəssisələrində davamiyyətin və tədrisin keyfiyyətinin yaxşılaşmasında bu kimi layhələrin əhəmiyyətini vurğulayıb. O, müsabiqələrdə qalib olan şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Tədbir zamanı “Riyaziyyat ayı” çərçivəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib, müxtəlif nominasiyalar üzrə yüksək nəticə göstərmiş şagirdlər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MasallıRayonuÜzrəTəhsilSektoru

/ 19