Azərbaycan Respublikasının Təhsil İnstitutu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Lənkəran şəhərində VII sinif şagirdləri üçün xüsusi hazırlıq dərsləri davam edir. Həmçinin xüsusi proqram əsasında 24 nəfər riyaziyyat və 24 nəfər informatika müəllimlərinə də təlimlər keçirilib.
Qeyd edək ki, layihə əsasında riyaziyyat və informatika fənləri üzrə VII sinif şagirdlərinə 4 ay ərzində dərslərin təşkili nəzərdə tutulub. Qruplara şagird seçimi müvafiq imtahan nəticəsinə görə aparılıb. Seçmə imtahan nəticəsində riyaziyyat və informatika fənlərinin hər biri üzrə 60 nəfər şagird seçilib. Şagirdlər topladıqları ballara əsasən A, B və C qruplarına ayrılıb. Hər iki fənn üzrə ümumilikdə 6 qrupda 120 şagird hazırlıq keçir.
Bütün qruplar paralel olaraq ingilis dili üzrə sürətləndirilmiş dərslər alırlar. İngilis dili məşğələlərinin məqsədi şagirdlərin ingilis dili üzrə biliklərini artırmaq, məktəbdə aldıqları təhsili möhkəmləndirmək və ilkin danışıq bacarıqlarını formalaşdırmaqdır.
Şagirdlərin qeyri-dərs saatlarında peşəkar müəllimlər tərəfindən xüsusi proqramlar əsasında riyaziyyat və ingilis dili fənləri üzrə məşğələlər əyani, informatika fənni üzrə məşğələlər isə distant formada həyata keçirilir. Məşğələlər Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təşkil olunub.
Layihənin məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını inkişaf etdirmək, alqoritmik düşüncə tərzinin formalaşdırılmasına dəstək olmaq və kodlaşdırma qabiliyyətlərinin praktiki tətbiqinə şərait yaratmaq, eləcə də, müvafiq sahələr üzrə milli, beynəlxalq fənn və layihə olimpiadaları, müsabiqələr, yarışlar haqqında ətraflı məlumat vermək və iştiraklarını təmin etməkdən ibarətdir.
Müəllimlər üçün keçirilən təlimlər isə təhsilverənlərin olimpiadalara hazırlıq təcrübəsini formalaşdıracaq.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #RəqəmsalİnkişafvəNəqliyyatNazirliyi #MÜTDA #təlim