Tədbirin ilk hissəsində təhsil müəssisələrinin şagirdlərinin müxtəlif idman növləri üzrə məharətlərinə, Zəfər Günü ilə əlaqədar hazırlanmış əl işlərindən və SAF 2024-də qalib olan layihələrdən ibarət sərgiyə baxış keçirilib. Sonra isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Altun Rəcəbli və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid ailə üzvləri, qazilər və təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə bayram tədbiri davam edib.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan Böyük Zəfərin - 30 ilə yaxın bir müddətdə işğal altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsini xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər.
Tədbir şagirdlərin və balaca fidanların bir-birindən maraqlı və rəngarəng ədəbi-bədii kompozisiyaları ilə yekunlaşıb.
Zəfər Günümüz mübarək!