10.10.2024

BilBacar müsabiqəsi ilə bağlı görüş keçirilib.

BilBacar müsabiqəsi ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki rayonlar üzrə təhsil sektorlarının əməkdaşları, ümumtəhsil məktəblərinin rəhbərləri və müsabiqə üzrə məktəb koordinatorları ilə görüş keçirilib.

 

Görüşdə BilBacar müsabiqəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sözügedən müsabiqə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

 

Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri iştirak edəcəklər.

 

Müsabiqənin ilk mərhələsi virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək keçiriləcək. İkinci mərhələnin isə 2025-ci ilin iyun ayında əyani formada keçirilməsi planlaşdırılır. Platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edəcək. Şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya mobil telefon vasitəsilə platformaya daxil ola biləcəklər.

 

Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat - 20 sual, oxu - 20 sual, təbiət elmləri - 20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə veriləcək suallar hər ay yenilənəcək.

 

Müsabiqənin keçirilməsində məqsəd VIII-X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlarını inkişaf etdirmək, real həyatda tətbiqinə sövq etməkdir.

 

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #BilBacar #müsabiqə


Açar sözlər: