Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə təhsilə ayrılan diqqət, yeni təhsil ocaqlarının inşası və təhsilin keyfiyyətinin artırılması üçün görülən işlərdən danışıb. Xeyriyyəçilərə təşəkkür edərək əməklərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışı zamanı təhsil sahəsində həyata keçirilən layihələrin və fəaliyyətlərin əhəmiyyətindən söz açıb. Məktəbin şagird və müəllim heyətinə uğurlar arzulayıb.
Şəhid ailələri və kənd ağsaqqalları da çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, zəhməti olanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbin əsas binası bir müddət əvvəl dövlət vəsaiti hesabına əsaslı təmir olunub və yeni sinif otaqları ilə birgə məktəbdə tədris artıq birnövbəli şəkildə həyata keçiriləcək. 2023-2024-cü tədris ilində Bala Kolatan kənd tam orta məktəbinin 8 məzunundan 6-sı ali məktəblərə qəbul üçün sənəd verib və 100%-lik nəticə göstəriblər.