3 sentyabr tarixindən etibarən Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün "Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi" və "Uşaq və yeniyetmə psixologiyasının əsasları" mövzusunda ixtisasartırma təlimləri təşkil olunub.
Təlimlər Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün keçirilib. Məqsəd məktəblərdə səmərəli müəllim-şagird-valideyn münasibətləri qurmaqla şagirdlərin akademik göstəricilərində yüksək nəticə göstərmələrinə nail olmaq və müəllimlərin psixoloji qiymətləndirmə alətlərindən istifadə etmək bacarıqlarının inkişaf etdirilməsi, onların bu sahədə peşə və ixtisas hazırlığının təkmilləşdirilməsidir.
Təlimlər zamanı şagirdlərdə rast gəlinən müxtəlif problemlərin diaqnostikası, məktəbdə psixodiaqnostika işinin təşkili və bunun üçün istifadə olunan anket, sorğu, obyektiv testlər, adaptasiya olunmuş metodikalar haqqında müəllimlərə məlumat verilib.
Qeyd edək ki, təlimlər əyani aparılıb və 30 akademik saatı əhatə edib. Təlim proqramı iştirakçıların ilkin biliklərini yoxlamaq məqsədilə diaqnostik qiymətləndirmə ilə başlayıb, daha sonra isə hər mövzuya uyğun müxtəlif fəaliyyətlərlə davam edib.