28.06.2024

Son günlər hava şəraitinin pisləşməsi nəticəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bəzi təhsil müəssisələrinə ziyan dəyib.

Belə ki, güclü külək nəticəsində Lənkəran rayonunun Daşdalıqjar və Tütəpeştə kənd ümumi orta məktəblərinin dam örtüyünün bir hissəsi uçub, bina daxilinə su axıntısı baş verib.

Yağan leysan yağışlarından sonra Lənkəran rayon Biləsər kənd tam orta məktəbinin, Astara rayon Rinə və Burzubənd kənd tam orta məktəblərinin, Lerik şəhər 2 nömrəli tam orta məktəb və Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbləri də müəyyən dərəcədə zədələnib.

Qeyd edək ki, Astara rayon Rinə kənd tam orta məktəbinin daxilinə sel suları keçib, sinif otaqlarına daxil olub. Nəticədə sinif otaqlarında olan partalar, stullar, şkaflar yararsız hala düşüb. O cümlədən, Astara rayon Burzubənd kənd tam orta məktəbinin daş hasarının 25 metr hissəsi tam aşıb.

Hava şəraitinin pisləşməsi nəticəsində ziyan görmüş digər məktəb Lerik şəhər 2 nömrəli tam orta məktəbin isə qarşısında olan torpaq sahəsi və asfalt örtüyündə sürüşmə baş verib. Nəticədə məktəbin 30 metr olan daş hasarı və istinad divarları tam aşıb. Təqribən 200 kvadratmetrlik asfalt örtüyü sıradan çıxıb. Hazırda məktəb yolu bağlıdır.

Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəblərdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra qısa zamanda müvafiq tədbirlər görüləcək.

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #təbiifəlakət


Açar sözlər: