03.05.2024

Cəlilabad rayon Ləkin kənd tam orta məktəbin eyniadlı komandası “Sərhəd” hərbi-idman oyunlarının qalibidir.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibətilə təntənəli tədbir keçirilib. Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayondan 187 məktəbin 875 şagirdi iştirak edib.

 

Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin rəsmiləri çıxış edərək qalib komandaları təbrik edib və bu oyunların gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

 

Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

 

Gərgin mübarizənin sonunda “Ləkin” (Cəlilabad), “Zeyxur” (Qusar), “Ümid” (Naxçıvan MR, Ordubad rayonu) komandaları ilk üçlükdə qərarlaşıblar.

 

Sonda qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib, xatirə fotoşəkilləri çəkdirilib.

 

Qələbə münasibətilə Cəlilabad rayon Ləkin kənd tam orta məktəbin şagird və müəllim heyətini ürəkdən təbrik edirik! 

 

 

 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətSərhədXidməti #GənclərVəİdmanNazirliyi #birkimibirlikdə #SərhədHİO


Açar sözlər: ,  ,  ,