25.04.2024

 “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib.

875 şagirdin mübarizə apardığı “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib. Azərbaycan Sərhəd Mühafizəsinin 105 illiyi ərəfəsində Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Lənkəran” sərhəd dəstəsində keçirilən “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

 

Mərasimdə iştirak edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışı zamanı belə tədbirlərin şagirdlərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, Vətəninə, xalqına sadiq, sağlam düşüncəli gənclərin yetişdirilməsi, sərhədçi peşəsinə marağın artırılması və onların hərtərəfli formalaşmalarında əhəmiyyətli rolunu qeyd edib.

 

Respublikamızın 38 rayonundan 187 məktəbin 875 şagirdinin iştirak etdiyi yarışın 1-ci və 2-ci mərhələləri yekunlaşıb və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsinə Lənkəran şəhərindən “Gözətçi”, Cəlilabad rayonundan “Ləkin”, Bakı şəhərindən “Şahinlər”, Beyləqan rayonundan “Bozqurd”, Qax rayonundan “Zəfər”, Qazax rayonundan “Şahinlər”, Qusar rayonundan “Zeyxur”, Mingəçevir şəhərindən “Qartal”, Ordubad şəhərindən “Ümid”, Şəki şəhərindən “Şimşək”, Şəmkir rayonundan “Gənclər” komandaları olmaqla, ümumilikdə 11 komanda vəsiqə qazanıb.

 

Tədbir iştirakçıları və qonaqlar Lənkəran Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən təşkil olunan konsert proqramını izlədikdən sonra sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olublar.  “Lənkəran” sərhəd dəstəsində davam edən oyunların final mərhələsi may ayının 1-dək davam edəcək. Bu müddətdə iştirakçılar sərhədçilərin xidməti fəaliyyəti, məişət şəraiti ilə tanış olacaq, ekskursiyalarda, mədəni-kütləvi tədbirlərdə, hərbi, bilik və idman yarışlarında iştirak edəcəklər.

 

#LənkəranAstaraRTİ #SərhədHİO #Ləkin #Gözətçi #final