Bu ilin fevral ayında idarəmiz tərəfindən elan olunan təlimlərə qoşulmaq üçün müraciət etmiş gənc müəllimlərlə görüş Masallı Heydər Əliyev Mərkəzində baş tutub.
Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva dövlət tərəfindən gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini bildirilblər.
Tədbirdə həmçinin son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb. “Maarifçilik missiyası”, “Gələcəkdən baxış”, “Müəllimin keyfiyyət gözü”, “Metodist müəllimlərin seçimi” mövzuları ətrafında diskussiyalar aparılıb. Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, ali təhsilli, imtahanlarda (MİQ, DQ, Sertifikasiya) yüksək nəticə göstərmiş və minimum 5 il pedaqoji stajı olan müəllimlər üçün yeni təlimlər başlayır. Təlimləri uğurla bitirən təhsilverənlər müəllim fəaliyyətlərini davam etdirməklə yanaşı gələcəkdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarında yaranmış müxtəlif vakansiyalar üzrə işlə təmin olunmaq imkanı qazana bilərlər. Təlimlərdə iştirak etmək üçün 400 nəfərə yaxın müəllim qeydiyyatdan keçib.
#MÜTDA #EduAz #LənkəranAstaraRTİ #MüəllimlərləGörüş #təlim #gəncmüəllim