Sentyabrın 4-də Masallı şəhər Heydər Əliyev mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, Masallı rayonu icra hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə təhsil sektorunun əməkdaşları və həmin rayonlarda çalışan ümumi təhsil müəsissələrinin direktorları və pedaqoji heyəti iştirak ediblər.
Konfransın əsas məzmunu “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən tədbirlər, ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Respublika Fənn Olimpiadaları, təmir- tikinti məsələləri, işəqəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, digər qurumlar, QHT-lər, icra hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər təşkil edib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı 2023-2024 tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfransın fəxri qonağı Masallı rayonu icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında Masallı rayonu üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb və təhsil işçilərini yeni tədris ilinin başlanğıcı münasibəti ilə təbrik edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun hesabatının əsas məzmununu şagird və müəllim nailiyyətləri, IV siniflər üzrə milli qiymtələndirmənin və IX, XI siniflər üzrə isə buraxılış imtahanının nəticələrinin, Respublika Fənn Olimpiadaları, fənn müsabiqələri üzrə reytinq sıralaması, təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatları, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam-tənbeh tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər təşkil edib. Hesabatın sonunda təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023-2024-cü tədris ili üzrə əsas mesajlar konfrans iştirakçılaırnın diqqətinə çatdırılıb.
Konfransın gedişatında 3-cü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin iştirakçısı Lerik rayonu V.Rəhimov adına Veri-Əliabad kənd ümumi orta məktəbin coğrafiya müəllimi Rəhimov Mirtəhmasib gənc müəllim qismində konfrans iştirakçılarına karyerasında əldə etdiyi uğurlar haqqında danışıb və çıxışında həmkarlarına öyrənmək, uğur nərdivanında irəliləmək üçün daim axtarışda olmağın vacibliyi vurğulayıb və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Sentyabr konfransında pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə 6 təhsil işçisi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Fəxri fərmanı ilə, eyni zamanda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və övladı isə tələbə adını qazandıqlarına görə idarə tərəfindən təbriknamə və hədiyyə ilə təltif olunublar.
Konfrans Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbinin məzunu Cəfər Əliyevin dünya şöhrətli ifaçı Müslüm Maqomayevin ulu öndər Heydər Əliyevə ithaf etdiyi Azərbaycan mahnısının ifası ilə başa çatıb.